Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin son bəyanatı dərin strateji məzmun daşıyır. Xüsusilə şəhid Ayətullah Seyid Əli Xameneinin və iki məcburi – 12 günlük və 40 günlük – müharibədə şəhid olanların qanının intiqamının xalqın tələbi olduğu və bunun qaçılmazlığına dair vurğusu həm ümidverici, həm də oyadıcı xarakter daşıyır. Bu bəyanat göstərir ki, yadellilərə və hegemon güclərə qarşı müqavimət ani reaksiya və ya şəxsi qərar deyil, şəhid Ayətullah Seyid Əli Xameneinin müəyyən etdiyi yoldur və bu yolda onun qanının intiqamını almağa qalxmış ümmət qətiyyətlə irəliləyəcək.
Şəhid Ayətullah Seyid Əli Xameneinin qanının intiqamı – birlik amili
Jurnalist və media fəalı Seyid Abdullah Mütəvəlliyan bildirib ki, bu bəyanatın həyata keçirilməsi ilk növbədə milli birlik və həmrəyliyi daha da gücləndirəcək. Onun sözlərinə görə, son günlərdə xalqın vida və dəfn mərasimlərində misilsiz və düşməni sarsıdan iştirakı göstərdi ki, İran xalqı İmam Hüseyn (ə) məktəbinin dəyərləri, milli və inqilabın idealları ətrafında ən yüksək birlik səviyyəsinə malikdir.
O əlavə edib ki, bu, eyni zamanda düşmənlərə xəbərdarlıqdır: Cinayətkarlar “rahat ölüm arzusunu özləri ilə məzara aparacaqlar”. Bu xəbərdarlıq şiə tarixindən qaynaqlanır. Kərbəladan bu günə qədər məzlumun qanı ümməti hərəkətə gətirib. İnqilab Rəhbərinin bəyanatı da müqavimət strategiyasını izah edir. Şəhidin məktəbinə sədaqət, çətinliklər qarşısında dözüm və ilahi vədlərə bağlılıq yeni nəsil üçün aydın yol göstəricisidir. Bu bəyanat eyni zamanda İslam ümmətinin sərhədlərdən kənar birliyinə xüsusi diqqət yetirir.
Son qələbə yaxındır
Seyid Abdullah Mütəvəlliyan bildirib ki, terror, sanksiya və təhqirlə meydana çıxan cinayətkar və təcavüzkar düşmən indi on milyonlarla insanın və dünyanın bütün azad insanlarının müqəddəs qəzəbi ilə üz-üzədir.
O qeyd edib ki, İnqilab Rəhbərinin bəyanatı bugünkü İran İslam Respublikasında Aşura məktəbinin yenidən təcəssümüdür. Necə ki, İmam Hüseynin (ə) qiyamı şəhadətindən sonra dünyanı fəth etdi, eləcə də şəhid Ayətullah Seyid Əli Xameneinin qanı da son qələbəyə aparan yolu açacaq.
Seyid Abdullah Mütəvəlliyan çıxışının vurğulayıb ki, bu qaçılmaz intiqam məzlumlar üçün müjdə, qatil və rüsvay olmuş düşmənlər üçün isə amansız xəbərdarlıqdır. Onlar hər səhər sübh çağı titrək hakimiyyətlərinin üzərində “Ya lətharətül-Xamenei” (Xameneinin qanının intiqamı) nidalarını eşidəcəklər. Düşmənlər bilməlidirlər ki, bu xalq öz qəhrəman iştirakı və sarsılmaz əhdi ilə yaxın qələbəni gerçəkləşdirəcək.
Şəhid Ayətullah Seyid Əli Xameneinin tələbinin ciddi şəkildə həyata keçirilməsinin zəruriliyi
Məhəmməd Meysəm Nəddafpur isə bildirib ki, son on il ərzində Şəhid Ayətullah Seyid Əli Xamenei məhkəmə hakimiyyəti rəsmiləri ilə görüşlərində dəfələrlə vurğulayırdı ki, İran İslam Respublikası yalnız siyasi və media səviyyəsində qınamalarla kifayətlənməməli, cinayətkarların təqibi və xalqın hüquqlarının müdafiəsi üçün daxili və beynəlxalq hüquqi imkanlardan tam istifadə etməlidir. O, görüşlərin birində açıq şəkildə qeyd etmişdi ki, əvvəlki bəzi işlərdə səhlənkarlığa yol verilib və hüquqi təqiblər daha ciddi aparılmalıdır. İndi isə həmin böyük şəxsiyyət milli suverenliyə qarşı törədilmiş ən ağır cinayətin qurbanına çevrildiyindən, onun bu tələbinə sadiq qalmaq əvvəlkindən daha böyük əhəmiyyət daşıyır.
Strateji Araşdırmalar İnstitutunun elmi heyət üzvü əlavə edib ki, bəziləri beynəlxalq cinayətlərin hüquqi müstəvidə təqibini formal və nəticəsiz hesab edə bilər. Çünki bu proses illərlə davam edə və cinayətkarların məhkum olunması ilə nəticələnməyə bilər. Lakin bu yanaşma beynəlxalq hüququn mahiyyətini düzgün əks etdirmir. Beynəlxalq sistemdə hüquqi təqib yalnız hökm çıxarmaq məqsədi daşımır; o, həm də güc tətbiqinin, milli maraqların müdafiəsinin və təhlükəli presedentlərin qarşısının alınmasının mühüm vasitəsidir. Hüquqi cavabsız qalan hər bir cinayət zaman keçdikcə presedentə çevrilir və onun digər dövlətlərə qarşı təkrarlanması ehtimalını artırır.
Şəhid Ayətullah Seyid Əli Xamenei və İran şəhidlərinin qatillərinə qarşı beynəlxalq həmrəyliyin formalaşdırılması
O bildirib ki, əgər intiqam cinayətkarın öz əməli üçün bədəl ödəməsi kimi qəbul olunursa, bu məqsəd yalnız hərbi vasitələrlə reallaşmır. Hüquq da dövlətlərin əlində təsirli silahdır. Şikayətlərin qaldırılması, iddiaların irəli sürülməsi, cinayətlərin sənədləşdirilməsi, beynəlxalq həmrəyliyin yaradılması və cinayətkarların siyasi-hüquqi xərclərinin artırılması hüquqi intiqamın təzahürləridir. Bunlar ədalətə və qanunun aliliyinə söykənir, cinayətkar davranışların legitimləşdirilməsinin qarşısını ala bilər.
Nəddafpur qeyd edib ki, bu yanaşmanın milli təhlükəsizlik baxımından da birbaşa əhəmiyyəti var. Cinayət hüququnda qəbul olunmuş prinsipə görə, cəzasızlıq yeni cinayətlərin törədilməsinə zəmin yaradır. Bu prinsip beynəlxalq münasibətlərdə də keçərlidir. Əgər cinayət törədən dövlət əməlinin ciddi hüquqi və siyasi nəticə doğurmayacağını hiss edərsə, belə addımları təkrarlamaq həvəsi artar. Bundan başqa, ölkənin məsul şəxsləri təhlükəni azaltmaq üçün fəaliyyətlərini daha sərt təhlükəsizlik məhdudiyyətləri altında həyata keçirməyə məcbur olarlar. Buna görə də hüquqi təqib yalnız ədalət tələbi deyil, həm də milli çəkindiricilik mexanizminin bir hissəsidir.
Sükut cinayətin adiləşməsinə səbəb olacaq
O əlavə edib ki, bu təqibin beynəlxalq nəticələri daxili təsirlər qədər əhəmiyyətlidir. Beynəlxalq hüquq geniş yayılmış təsəvvürün əksinə olaraq yalnız sabit qaydalar toplusu deyil, eyni zamanda onun mühüm hissəsi dövlətlərin fəal davranışı və davamlı hüquqi tələbləri nəticəsində formalaşır. Beynəlxalq hüququn bəzi ənənəvi mexanizmlərinin səmərəsizliyi aydın göründüyü bir dövrdə, İran İslam Respublikasının, xüsusilə müharibədən sonrakı mərhələdə fəal mövqeyi daha ədalətli beynəlxalq nizamın formalaşmasına töhfə verə bilər. Ölkənin ən ali rəsmi şəxsinin terroruna qarşı susmaq isə bu cür cinayətlərin adiləşdirilməsini asanlaşdırır və beynəlxalq hüquqi nizamın əsas sütunlarından birini zəiflədir.
O, çıxışının sonunda bildirib ki, belə bir işin hüquqi təqibi vahid milli strategiya tələb edir. Bunun üçün hüquq qurumları, diplomatik qurumlar, media və mədəniyyət təsisatları arasında sıx koordinasiya, davamlı ictimai tələbkarlıq və dəqiq sənədləşdirmə vacibdir. Əgər bu cinayət təsirli şəkildə təqib olunmasa, cəzasızlıq daha da güclənəcək, İranın milli təhlükəsizliyi daha böyük risklərlə üzləşəcək və dövlət rəhbərlərinin terrorunun adiləşməsi istiqamətində növbəti addım atılmış olacaq.
Lakin bu proses səbir, planlı fəaliyyət və möhkəm hüquqi baza ilə davam etdirilərsə, şəhid Ayətullah Seyid Əli Xameneinin qanının intiqamı yalnız meydanda deyil, hüquq müstəvisində də qalıcı bir tələbə çevriləcək.
Xəbərin sonu
Rəyiniz